Əli Həsənov: “Deputatlığa namizəd olmayacam”
“Mən deputatlığa namizədliyimi irəli sürməyəcəm”. APA TV-nin məlumatına görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov bildirib.
Əli Həsənov deyib ki, deputatlığa namizədliyini vermək fikrində olmayıb: “Mən sovet dövründə istəməyə-istəməyə deputat seçilmişəm. İkinci dəfə isə 1995-ci ildə İsa Qəmbərin alternativi olaraq deputat mandatı qazanmışam”.
Əli Həsənov qeyd edib ki, heç kim 2019-cu ilin asan il olduğunu düşünməsin: “Dünyada çox ciddi proseslər gedir. Hər gün ölkələrdə hökumətlərə qarşı mitinqlər keçirilir. Heç kim düşünməsin ki, bu dalğa Azərbaycana gələ bilməzdi. Gələ bilərdi. Yəqin ki, xarici müdaxilələr, həm də daxili qüvvələrin xarici qüvvələrlə birlikdə müdaxilə cəhdləri olub. Ancaq Prezident İlham Əliyev və Mehriban Əliyeva çox böyük ustalıqla bunun qarşısını alıblar. Biz heç vaxt təsəvvür etməməliyik ki, sabit ölkədə yaşamağımız çox asanlıqla başa gəlir. Ölkədə sabitliyi Prezident İlham Əliyev və Birinci vitse-prezident təmin edir. Xalqda onlara böyük inam var”.
O, qeyd edib ki, əgər 1993-cü ildə Heydər Əliyev ölkəni dağılmaqdan xilas etdisə, 2003-cü ildə Prezident İlham Əliyev ölkəni parçalanmadan xilas edib.