Əli Kərimlinin sürücüsünün istintaqa ifadəsi məlum olub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri, həmçinin partiya sədrinin sürücüsü olmuş Paşa Umudov istintaqda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Paşa Umudov 2013-cü ildə AXCP üzv olduğunu deyib: “2014-cü ildə partiyanın Nizami rayon təşkilatının sədri, həmin ilin sonlarına AXCP sədri Əli Kərimlinin sürücüsü işləmişəm. Təxminən 5 ildir, marixuana istifadəçisiyəm, 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Üstümə baxış keçirilən zaman video çəkilib, vəkilin iştirakı ilə. Üstümdən 3 büküm qurudulmuş marixuana çıxdı”.
İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu bildirib ki, 2-3 ildir marixuana qəbul edir. O, bir neçə dəfə 10 manatdan Paşa Umudovdan narkotik aldığı deyib. Quliyev Rauf Akif oğlu isə 2 ildir marixuana çəkdiyini bildirib. O, qeyd edib ki, Xətai rayonunda Paşa Umudov 4-5 ay əvvəl 1-2 dəfə yanına marixuana gətirib, bir yerdə çəkiblər. Məmmədov Mais Söhrəb oğlu hazırda köhnə Günəşli qəsəbəsində yaşadığını deyib. Saxlanılan şəxs deyib ki, narkotiki Paşa Umudovdan alıb, istifadə edib.