Əlil arabasından tabutacan təslim olmayan jurnalist - Səbuhi Məmmədliyə ithaf – APA TV
10 ildən çox idi ki, "Lent.az" saytında çalışırdı. Əsl jurnalistikanın, əsl reportyorluğun, operativ və qərəzsiz araşdırmaçılığın nə olduğunun nümunəsi, söz qılıncı idi Səbuhi. Amma qınına çəkildi. Özü də bir ömürlük, əbədilik.
Pafosdan, emosiyalardan uzaq, soyuq, şillə kimi həqiqətlərlə dolu yazıları ilə nəinki oxucularını, elə öz həmkarlarını da təəccübəndirməyi bacarırıdı. Alınmadı, müsahibə verməkdən imtina etdi, jurnalistlər arasında “qalsın sabaha” kimi tez-tez işlədilən ifadələr Məmmədlinin lüğətində olmayıb. Həmişə əli dolu idi. Ən qaynar nöqtələrdən, insan ayağı dəyməyən məkanlardan isti-isti xəbərlərlə redaksiyaya geri dönürdü. Xəbər adam və xəbər adamı idi Səbuhi. Qələmindən tökülən misralar manşetə çevrilirdi. Adada tək yaşayan insandan tutmuş, insan ayağı dəyməyən yerlərə kimi gəzib-dolaşıb, mediada heyrət yaradan reportajlar hazırlayırdı. Elə 1947-ci ildə Azərbaycana gəlin köçən fransalı İvonna Botto-Şirməmmədova barədə yazdığı reportajını demək kifayətdir ki, Səbuhinin necə bir araşdırmaçı-jurnalist olduğu ifadə olunsun. Məhz bu reportajdan sonra Fransanın ölkəmizdəki səfiri dövləti adından təşəkkür də etmişdi Azərbaycana, azərbaycanlılara…
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyası – bütün xəstəlikləri toplamışdı özünə. Bədənini işğal etmişdi xəstəliklər. Hələ bunlarla yanaşı, 2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi də aşkarlandı. Aparılan müalicələrə tabe olmadığı üçün əvvəlcə sol ayağı, sonra isə sağ ayağı amputasiya edilmişdi Səbuhinin. Xəstə olduğu dövrdə də Azərbaycan Prezident Administrasiyası, MEDİA Agentliyi, Mətbuat Şurası və TƏBİB daim Səbuhi Məmmədlinin durumu ilə maraqlanıb, lazımi tədbirlər görülüb. Xəstəlikdən əziyyət çəkdiyi dövr ərzində Səbuhi Məmmədli "APA Media Group" tərəfindən diqqətdə saxlanılıb. Bir neçə gün əvvəl səhhəti yenidən pisləşmişdi. Dərhal Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirildi. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olundu. Daha sonra isə o, Yeni Klinikaya köçürüldü. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmadı. Ürəyi sözünə qulaq asmadı Səbuhinin. Tələsdi Səbuhi, atasına, anasına qovuşmaq üçün tələsdi. Qovuşdu da. Bu gün o, Ucar rayonunun Müsüslü kəndində dəfn edildi.
Bəli, əlil arabasından tabutacan təslim olmayan qələmin son nəfəsi...