“Elina işi”ndə son qərar - MƏHKƏMƏNİN QARŞISINDAN REPORTAJ

“162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü İlə bağlı məhkəmə prosesi keçirilir. Prosesdən sonra hökm oxunacağı gözlənilir. Sevinc Abbasovaya qarşı ilk olaraq "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə başlamış cinayət işinə istintaq tərəfindən xitam verilib, iş daha sonra "təhlükədə qoyma və səhlənkarlıq", "zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddələri ilə davam etdirilib və baxılmaq üçün məhkəməyə göndərilib”.


Səbail Rayon Məhkəməsində Elina Hacıyevanın ölümündə təqsirləndirilən Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

APA TV-nin məlumatına görə, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona saat 23:00-dan 07:00-a  qədər yaşadığı evdən çıxmaq qadağan olunub. Sevinc Abbasova elektron qolbaq taxacaq.

Bundan başqa mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Sadiq Bağırov ittihamları qəbul etmədiklərini bildirib, qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib.

Sevinc Abbasova son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. O, 25 ildir müəllim işlədiyini və ittihamların heç birini qəbul etmədiyini bildirib.

Prosesdən sonra Elina Hacıyevanın atası prosesdən razı olmadığını bildirib:  “2 il 2 ay verdilər, ev dustaqlığını da çıxdılar. Evində oturacaq, heç nə”.


"Elina Hacıyeva işi"ndə çalışan zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev Sevinc Abbasovaya həmçinin 3 il müddətinə pedaqoji fəaliyyətin məhdudlaşdırılması cəzasının verildiyini bildirib: “Prosesdə müdafiə tərəfi öz çıxışını elədi. Replikalar oldu. Təqsirləndirilən şəxsə son söz verildi. Ümumilikdə gözlədiyimiz kimi yüngül cəza verildi. Məhkəmə 3 il 3 ay ev həbsi cəzası verdi. Bu da onun indiyə qədər ev həbsində olduğu müddətdə çıxıldıqdan sonra, yekun 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edildi. Bir də 3 il müddətinə pedaqoji fəaliyyət tuta bilməz”.

Elinanın ailəsi və vəkilləri apellyasiya şikayəti verəcəklərini deyiblər. 

 

Müəllif | Apa.Tv
Apa.tv