Elman Rüstəmov: “Bir həftə ərzində bağlanmış banklarda qalan əmanətlərlə bağlı qərar veriləcək”
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6,75%-ə endirilməsi haqqında qərar qəbul edib.
APA TV-nin xəbərinə görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib: “Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyən edilib. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci ilin 18 sentyabr tarixində ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, AMB-nin uçot dərəcəsinə bu il ərzində indiyədək beş dəfə baxıb.
Mərkəzi Bankın sədri bir qədər əvvəl bağlanmış 4 bankdakı bloklanmış əmanətlərlə bağlı məsələyə də münasibət bildirib: “Azərbaycanda bir qədər əvvəl bağlanmış 4 bankdakı bloklanmış əmanətlərlə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib. Yaxın bir həftəlik iş günü ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək. Müsbət qərarın qəbuluna ümid edirik. “Atabank”ı nəzərə almasaq, deyə bilərik ki, bağlanmış bankların qanunsuz əmanət qəbulu AMB-nin nəzarət hüququnun olmadığı dövrdə baş verib. Banklarda əhali ilə elə şərtlərlə müqavilə imzalayırlar ki, faktiki olaraq qorunan əmanət statusu alır. Amma qorunan əmanətin limiti aşağı göstərilir. Bu prosesdə həmin problem ortalığa çıxdı. Hesab edirik ki, burada əhalinin günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Hazırda biz Konstitusiya Məhkəməsi ilə əlaqədəyik. Daxili proseslər gedir. Bizdə Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və saxtakarlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən də maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz həm bank ictimaiyyəti , həm də aidiyyəti qurumlarla məsləhətləşmələr aparacağıq. Məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikrimiz var. Əhalinin, biznesin mənafeləri, istənilən maliyyə xidməti istehlakçılarının maliyyə hüquqları tam - qanunvercilik və requlyativ nəzarət çərçivəsində qorunmalıdır”.
Elman Rüstəmov 1 300 nəfərdən çox insanın 62 milyon manatlıq əmanətinə çıxış imkanı yaranacağını ümid etdiyini söyləyib.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV