Elman Rüstəmov: “Müəssisələrin çoxunun fəaliyyəti şəffaf deyil”
“Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb. Monetar sabitlik üçün əhəmiyyətli addımlar atılır”.
APA TV-nin xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. O Bildirib ki, ilk dörd ayın nəticəsinə əsasən, orta inflyasiya 3% təşkil edib. Bu da Mərkəzi Bankın və hökumətin hədəfindən aşağıdadır.
Sədrin sözlərinə görə, maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9% artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir.
Elman Rüstəmov biznes kreditlərində 4,1%, ipoteka kreditlərində 5,2% artım olduğunu, istehlak kreditlərinin isə 4,1% azaldığını qeyd edib: “Banklar tərəfindən 1,4 mlrd. manat yeni kreditlər verilib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var”.
Elman Rüstəmov bankların öhdəliklərinin icrasında problem müşahidə olunmadığını və öhdəliklərini vaxtında yerinə yetirdiyini, ödəniş sisteminin isə stabil olduğunu bildirib.
Bundan əlavə, sədr mayın 7-nə olan məlumata əsasən, 549 mln. manat məbləğində 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunduğunu vurğulayıb. Bu müraciətlərin 91%-i biznes, 5%-i istehlak, 4%-i ipoteka kreditləri ilə bağlıdır. Bu tarixə müraciətlərin məbləğinin 37%-i üzrə 200 mln. manatdan çox vəsait restrukturizasiya edilib. Onun sözlərinə görə, istehlak kreditləri üzrə 35 mln. müraciət daxil olub və onların 29%-i icra olunub.
Sığorta ilə bağlı məsələlərə də aydınlıq gətirən sədr qeyd edib ki, uzun müddət yığılıb qalmış problemlər var. Sığorta sektoru əhalinin və biznesin risklərini əhatə edə bilmir. Bu istiqamətdə əmlak sığortasının, xüsusilə də icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq: “Müəssisələrin çoxunun fəaliyyəti şəffaf deyil, onlar maliyyə xidmətlərindən tam istifadə edə bilmirlər. Sığortalanması varsa, dəymiş zərəri ödəniləcək”.
Elman Rüstəmov həmçinin bağlanan banklarda 211 mln. manatlıq ipoteka kreditlərinin olduğunu bildirib. Bu əmanətlərin 99%-dən çoxu isə sığortalıdır. Qorunmayan əmanətlərin həcmi isə 3 mln. manat təşkil edir.
Elvin Paşazadə,
Əli Ələkbərov,
APA TV