Elmar Məmmədyarov: “Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefonla danışıb.
Bu barədə APA TV-yə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.
Azərbaycanın Xarici İşlər naziri Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.