Elmira Axundova: “Müəllimlər öz vəzifələrini valideynlərə yükləyirlər”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsi II oxunuşda qəbul edilib.

 

APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.

 

Qanun layihəsində gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək.

 

2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək qanun layihəsinin qəbulundan sonra  cari məsələlərə diqqət çəkilib. Deputatı Elman Məmmədov Nazirlər Kabinetinin 2017-ci ildə məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarı tənqid edib: “Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”

 

Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun çıxışına münasibət bildirib: “Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və “Qaçqınkom”a müraciət edirik. Onlar da bizə verirlər ki, hansısa sənədə əsasən bu problemləri həll etmək mümkün deyil. Biz bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, problemlər həll olunsun. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Son vaxtlar belə müraciətlərin sayı artıb. Bu problem təkcə Füzuli rayonunda 12 min nəfəri əhatə edir”.

 

Vitse-spikerin sözlərinə görə, burada bərabərsizlik yaranır: “Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

 

Milli Məclisin sədr müavini onu da qeyd edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində də problemlər yaranır.

 

Deputat Elmira Axundova məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarətdən danışıb. O bildirib ki, dərsliklər yenidən işlənməlidir: “Hazırda dərsliklərin keyfiyyəti heç kimi qane etmir. 5-ci sinif “Ana dili” dərsliyini analiz etdim və burada nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq. Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər onların üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Bunu proqramın gərginliyi ilə izah edirlər. 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar”.

 

Deputat hesab edir ki, şagirdlərin uzun müddət oturaq həyat tərzi keçirməsi səhhətlərində ciddi problemlər yarada bilər.

 

İclas müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv