Əmək pensiyaçılarına aylıq maddi yardım ödəniləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.
Nazirlikdən APA TV-yə verilən xəbərə görə, maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.