Emin Əmrullayev: “Füzulidə şagirdlərin sayı 400-ə çatacaq”
Otuz ildən sonra Füzulidə də bilik günü keçirilib. İlk tədris günü Özbəkistanın inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlayıb. Tədris ilinə gələn qonaqlar məktəbdə “Qarabağ şikəstəsi”nin ifası ilə qarşılanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diqqətə çatdırılıb ki, Füzulidə tədris ilinin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanması türk dünyasının qardaşlıq rəmzlərindən sayılır. Çıxışlarda da vurğulandığı kimi, Qarabağın dilbər güşələrindən olan Füzuli torpaqlarında həyat canlamağa başlayıb və bu, Füzulidə firavan həyatın başlanğıcıdır. Yaxın zamanlarda Füzulidə digər təhsil ocaqlarının fəaliyyətə başlayacağının müjdəsi verilib. Bu isə Qarabağda təhsil alan şagirdlərin gələcəkdə Azərbaycan elminə töhfə verəcəyi deməkdir. Məktəbdə ilk bilik gününün zəngi səslənib, şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar. Daha sonra məktəbdə yaradılan şəraitə baxış keçirilib. Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana mövcuddur. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Yeni dərs ilində məktəbdə 15 müəllimin iştirakı ilə 11 sinifin 160 şagirdi təhsil alacaq. Emin Babayev Fəzail Səfərov Füzuli