Əmioğlular oğurluğa girdikləri mağazanın sahibini boğmaq istədilər
Balakəndə mağaza sahibinə qarşı quldurluq edən əmioğlular saxlanılıb.
APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində quldurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23:00 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə, onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. Vaqif Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri - əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və onun əmisi oğlu, 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.