Ən çox qərarları ləğv olunan məhkəmələrin və hakimlərin adları açıqlandı
2020-ci ilin koronavirus infeksiyası səbəbindən məhdudiyyətlərlə baxmayaraq, Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam edib.
APA TV-nin məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.
O bildirib ki, Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirilib .
Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübələnin ümumiləşdirilməsi davam edib, məhkəmə fəaliyyəti ilə bağlı monitorinqlər aparılıb. Qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib.
Ramiz Rzayev qeyd edib ki, Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.
Ötən il Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında isə 41 faiz işlər azalıb: “Ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 29,9 faiz azalıb. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb”.
İclasda ən çox qərarları ləğv olunan məhkəmələrin və hakimlərin adları açıqlanıb.
Belə ki, Ali Məhkəmədə bəzi birinci instansiya məhkəməsinin hakimlərinin verdiyi qərarlar ləğv edilib. Ali Məhkəmədə mülki işlər üzrə Bakı Apelyasiya Məhkəməsinin qərarlarının 22 faizi, Gəncə Apelyasiya Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının 21 faizi, Şirvan Apelyasiya Məhkəməsinin qərarlarının 19,7 faizi, Şəki Apelyasiya Məhkəməsinin qərarlarının 22,5 faizi ləğv edilib.
Həmçinin ən çox qərarları ləğv edilən hakimlərin də adını çəkilib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun çıxardığı qərarların 33 faizi, Gəncə Apelyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyevin qərarlarının 27 faizi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun qərarlarının 28 faizi, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin qərarlarının 21 faizi, Şəki Apelyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin qərarlarının 28 faizi Ali Məhkəmə tərəfindən ləğv edilib.
Qeyd olunub ki, 2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında 7 312 iş olub.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev qeyd edib ki, icraatında olan 5 485 işin baxılması yekunlaşıb.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə ləğv olunan qərarlarda artım müşahidə olunur. 2019-cu ildə 18,9 faiz qərar ləğv olunubsa, 2020-ci ildə bu rəqəm 21,3 faiz təşkil edib. Ən çox ləğv olunan qərarlar vərəsəlik işləri ilə bağlıdır. Bu il ləğv olunan işlərin 32-si vərəsəliklə bağlı məsələni əhatə edir.
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafis Nəsibov 2020-ci ildə ümumilikdə 2 212 nəfər haqqında 1 921 cinayət işləri məhkəməyədək sadələşdirilmiş icra materialları xüsusi ittiham qaydasında şikayətlər üzrə icraat materialları, hərbi məhkəmələrin yudidiksiyasına aid işlər, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat materiallar olub. Həmin iş və materiallardan 2020-ci ildə cəmi 1410 nəfər haqqında 1205 işə baxılıb.
Cinayət Kollegiyasının sədri Hafis Nəsibovun sölzərinə görə, 2019-cu illə müqayisədə 2020-ci ildə baxılan işlərin sayı 885 nəfər barəsində 840 iş müvafiq olaraq 38, 6 faiz və 41, 01 faiz az olub: “Hesab ilində baxılmış işlərdən 878 nəfər haqqında 758 iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvəsində saxlanılmış 121 nəfər haqqında 99 iş üzrə qərarların 8, 6 faizi, işlərlə götürüldükdə isə 8, 2 faizi ləğv olunmuş 143 nəfər haqqında 102-iş üzrə şəxslərlə götürüldükdə 10,1 faizi dəyişdirilib”.
Beləliklə hesab dövründə Ali Məhkəmənin cinayət kollegiyası tərəfindən baxılmış bütün kateqoriyadan olan işlər və materiallar üzrə apellyasiya instansiyaları məhkəmələrinin ümumilikdə 264 nəfər haqqında 201 iş üzrə qərarları ləğv olunub və yaxud dəyişdirilib.
Sevinc Vaqifqızı
Musa Qulammirzəyev
APA TV