“Ənənəvi media ilə sosial medianın sərhədləri itmək üzrədir”

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mediasının keçdiyi inkişaf yolundan bəhs edib. Konfrans işini panel formatında davam edib. “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusundakı birinci panel Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilib. Bu paneldə Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib. “Mediada müasir transformasiyalar, informasiyalı cəmiyyət amili və ictimai maraqlar” mövzusundakı ikinci panel APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızının moderatorluğu ilə keçirilib. Bu paneldə Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, Naxçıvan MR Televiziya və Radio verilişləri QSC-nin sədri Sahil Tahirli, “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünas və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musa iştirak edib. Vüsalə Mahirqızı bildirib ki, ictimai maraqların qorunması ənənəvi medianın üzərindədir. O qeyd edib ki, bu gün ənənəvi media ilə sosial medianın bütün sərhədləri itmək üzrədir. Konfrans çıxışlar və media nümayəndələrinin sualların cavablandırılması ilə öz işini davam etdirib. ORXAN ASLAN ZİYA ALLAHYAROV APA TV

Müəllif | Apa.Tv
Apa.tv