Ərazidən iki su kəməri keçir, amma 400 ailə suya həsrət qalıb - REPORTAJ

Atalar su həyatdır, deyiblər. Abşeron rayonunun Atyalı yaşayış massivinin Əziz Əliyev küçəsinin sakinləri isə bu həyatdan məhrumdur. Çünki içməli suları yoxdur.

 

APA TV-nin məlumatına görə, ərazinin yaxınlığından 2 magistral su kəməri keçsə də, sakinlər həmin xətlər qoşula bilmirlər. Onların sözlərinə görə, yayın istisində içməli suyu maşınlar vasitəsilə, pulla alırlar:

 

Qəsəbə sakini Adil Səfiyev artıq 20 ildən çoxdur ki, burda yaşadığını deyir: “20 ildən çoxdur burada yaşayırıq. Ancaq qazancımız, pensiyamız suya gedir. Suyumuz yoxdur, kanalizasiya xətti yoxdur. Hamı qapısında bir quyu qazır ki, suyu orada saxlaya bilsin. O birinin də kanalizasiyası axır həmin hovuza. İçdiyimiz su deyil, çirkab bir şeydir. Xəstəlik mənbəyidir”.

 

Ələkbər Əkbərov isə hər həftə 40 manat suya pul verdiklərini bildirir: “Həftədə su maşınına 40 manat pul veririk. Bu pulun heç biri dövlətə getmir. Oradan suyu 1-2 manata alırlar və götürüb burada 40 manata satırlar. Bunun hamamı var, böyüyü, uşağı var, həyətdə ağaclarımız var. Mal-heyvan saxlayırıq. Suyun olmamağına görə zülm çəkirik”.

 

Elnur Məmmədov isə içməli su ilə yanaşı, meyvə bağlarını da suvara bilmədiklərini qeyd edir: “Keçən il həyətə qazon əkdim. Baxa bilərsiniz, əkdiyim qazonlar hamısı quruyub. Bunun da başlıca səbəbi su problemidir. Bütün ağaclarım quruyub. Hər il 20-30 ağac alıb əkirəm. Bu ağacları 2 gündən bir suvarılma tələb edir. Suyu pullan aldığıma görə, ağacları suvara bilmirəm”.

 

Əzim İbrahimov deyir ki, sözügedən problemlə bağlı dəfələrlə Abşeron rayon Su-kanal İdarəsinə və “Azərsu” ASC-yə müraciət etsələr də hələ ki, bir cavab ala bilməyiblər: “Azərsu” ASC-yə məktub yazdım. Məni çağırdılar. Getdim, dedilər “kişi, niyə gəlmisən?” Dedim, suyumuz yoxdur, sudan ötrü gəlmişəm. Soruşdular ki, evini kim tikdirib. Dedim özüm tikdirmişəm. Dedi get özün də su çəkdir evinə. Onunla qayıdıb gəldim. Başqa heç nə demədim”.

 

Ələkbər Əkbərov da yaranmış problemlə bağlı aidiyyəti qurumdan kömək edilmədiyini bildirir: “Keçən il hamımız imza topladıq və “Azərsu” ASC-yə getdik. Dedilər ki, sizin adınız heç bir yerdə yoxdur. Az qaldı, orda onlarla savaşaq. Dedik, belə iş olmaz axı. Qurumdan dedilər ki, sizin heç bir yerdə adınız yoxdur. Nə bilirsiniz edin. Dedilər gedin özünüz öz suyunuzu çəkin. Biz özümüz bu suyu haradan çəkək?”

 

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə məsələdən xəbərdar olduqlarını bildirdi. O, bildirdi ki, həmin ərazinin yuxarı hissəsindən Oğuz-Qəbələ-Bakı su kəməri, aşağı hissədən isə Şollar-Bakı su kəməri keçir və vətəndaşların həmin su kəmərlərinə özbaşına qoşulmasına heç bir halda icazə verilə bilməz. Qurum rəsmisi çıxış yolunu həmin ərazidə mərkəzləşdirilmiş sistemin yaradılmasında görür: “Həmin ərazidə hökmən mərkəzləşdirilmiş şəbəkə tikilməlidir. Bu gün Bakıətrafı qəsəbələrin 10%-dən bir qədər çox hissəsində həmin o mərkəzləşdirilmiş şəbəkə yaradılmayıb. İnsanların su xətləri yoxdur. Onlar suyu ya quyulardan əldə edir, ya da suyu maşınlar vasitəsilə pulla alırlar və istifadə edirlər. Bununla bağlı bizim master planımızda layihə var və gələcək də onun icrasına başlanılacaq. Susuz qalan təkcə bu ərazi deyil”.

 

Qeyd edək ki, Abşeron rayonunun Atyalı yaşayış massivinin Əziz Əliyev küçəsində 400-ə yaxın ailə yaşayır.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv