Ərdoğan: “Qarabağda qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”

“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”. APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

 

“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Rəcəb Tayyib Ərdoğan çıxışında dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar: “Putinə dedim ki, istəsəniz, gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə Prezidenti Suriyadan Qarabağa döyüşçü göndərilməsi barədə ittihamlara da cavab verib: “Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür. Bu məsələni dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdım. Putin mənə dedi ki, bunlardan xəbərim yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana deməlidir”, - deyə Ərdoğan qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv