Ərdoğan və Putin dünyanın bölgüsünə Afrikadan başlayır
Sentyabrın 4-də Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşü hələ də müzakirə olunmaqdadır. Görüşdən sonra açıqlama verən liderlər müzakirələrin bir neçə istiqamətdə keçirildiyini bildirdilər. Bir çox siyasilər görüşün əsas məqsədinin taxıl sazişinin yenidən bərpa edilməsi ilə əlaqəli olduğunu bildirsələr də, bu baş tutmadı. Görünür ki, Moskva hələ bir müddət bu sazişin yenidən imzalanmasına qarşı olacaq. Bunu Rusiya Prezidenti Putinin görüşdən sonrakı açıqlamasından da başa düşmək olar. Putin sazişdə Rusiyanın Qərb tərəfindən aldadıldığını deyib. Belə başa düşmək olar ki, Taxıl sazişi imzalanarkən Qərb Rusiyaya tətbiq edilmiş kənd təsərrüfatı embarqosunu götürməli imiş, lakin bu baş verməyib. Uzun zamandır, yəni ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bu günə kimi ciddi liderlərin Moskvaya səfərləri olmadığını irəli sürən Qərb mediası bu görüşün Rusiya üçün uğurlu olduğu barədə fikirlər dərc edib. “The New York Times” yazıb ki, ölkələr arasında əlaqələr bu görüşdən sonra daha da artacaq və Putinlə görüş zamanı Ərdoğanın Rusiya ilə Qərb arasında balanslaşdırıcı hərəkəti ilə bağlı ciddi dəyişiklik əlamətləri görünməyib. “Guardian” isə yazıb ki, hazırda taxıl müqaviləsi və digər Qərbi maraqlandıran məsələlərlə bağlı hər hansı irəliləyiş yoxdur. Britaniyanın “Financial Times” qəzeti də Rusiyanın taxıl sazişinə qayıtmayacağını bildirib və əlavə edib ki, Ərdoğan özünü Rusiya ilə Qərb arasında vasitəçi kimi göstərməyə çalışıb. Türkiyə lideri Ərdoğanın çıxışında maraqlı nüanslardan biri də geosiyasi təhlükəsizliklə bağlı fikirləri oldu. Belə ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Afrika və Qafqazdakı vəziyyəti müzakirə etdiyini bildirib. Onu da vurğulamaq yerinə düşər ki, bu gün həm Türkiyə, həm də Rusiya Afrikada aktiv siyasət aparmaqdadır. Ərdoğanın çıxışında belə aydın olur ki, Afrikada sıxışdırılan Fransa amilindən sonra Türkiyə qitədə də söz sahibi olmaq üçün Rusiya ilə paralel addımlamaq fikrindədir. Qeyd edək ki, Rusiya “Vaqner” gücü vasitəsilə, üsyanlar, hakimiyyət çevrilişləri təşkil edərək, Fransanın əlaltısına çevrilən Afrika ölkələrini öz təsir dairəsinə qatmaqdadır. “Dünyanın yenidən bölgüsündə Afrika ən həssas nöqtələrdən biridir”. Bunu kanalımıza siyasi şərhçi Əziz Əlibəyli deyib. O əlavə edib ki, Şərq ölkələri Qərb ölkələrini qitədən qovmaqda davam edir və burada Türkiyə, Rusiya və Çin ortaq maraqlarla siyasət yürütməyə çalışırlar. Əziz Əlibəyli onu da vurğulayıb ki, Suriyada eyni həssaslıqla əməkdaşlıq edən iki ölkənin imkanları Afrikada da praktiki olaraq nəzərdən keçiriləcək. Xatırladaq ki, bu ilin avqustun 10-da Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Rusiyanın Afrikaya 50 min tona qədər pulsuz taxıl tədarük edəcəyi ilə bağlı açıqlama vermişdi. İyulun 27-də də prezident Vladimir Putin Rusiya-Afrika sammitində Moskvanın qitənin bir neçə ölkəsinə pulsuz taxıl verməyə hazır olduğunu bildirərək ilin birinci yarısında materikə 10 milyon ton taxıl göndərilməsi barədə çıxış etmişdi. Rusiyanın taxıl sazişinin yenilənməsi ilə bağlı fikirlərini korrektə edərək Afrikaya göndərməsi görünür Ankaranın işinə yarayır. Belə anlaşılır ki, əslində Rusiyanın Afrikaya taxıl göndərməsi məsələsində Türkiyə ilə razılığa gəlinib. Fuad Sadıqov APA TV