“Ərim seyid olduğu üçün məni həkimə aparmadı” - BİR AİLƏNİN FACİƏSİ

3 yaşlı Miranın köməyə ehtiyacı var. Anası Aygün Niftəliyeva deyir ki, övladı serebral iflicdən əziyyət çəkir: “Əvvəl həkimlər bildirdi ki, Miran əməliyyat olunsa sağalacaq. Sonradan dedilər ki, müalicəvi idman, fizioterapiya, masaj vasitəsi ilə uşağın hərəkət aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaq olar. Amma mən maddi imkansızlıqdan bir gün tapıram, bir gün yox. Kirayədə yaşayan qardaşımın himayəsində qalıram. Bəlkə işləsəydim, onun ehtiyaclarını ödəyə bilərdim. Amma Miranı heç kimə verib, işləyə bilmirəm. Miran serebral iflic diaqnozu ilə doğulduğu üçün həyat yoldaşım məni tərk etdi. İndi heç aliment də vermir. Üç ildir maraqlanmır ki, uşaq ölüb, yoxsa yaşayır. Yoldaşım seyid olduğu üçün hamiləlik dövründə məni həkimə aparmadı. Deyirdi ki, uşağı ana bətnində dərmanlarla zəhərləmə. Dörd divar arasında qalmışam”.

 

Bax elə gözdən-könüldən uzaq, dörd divar arasında da dünyaya gəlib körpə Miran. Doğulduğu gündən ona serebral iflic diaqnozu qoyulub. Baxmayaraq ki, əməliyyatla belə sağalması mümkün deyil, amma ilk günlərdə aparılan müalicələr nəticəsiz qalmayıb. İndi Miran başını hərəkət etdirə bilir. Əli-ayağı hər yerdən kəsilən, ümidləri puç olan anası Aygün Niftəliyevanın tək istəyi Miranın müalicəsini davam etdirməkdir.

 

3 ildir övladının müalicələrini davamlı olaraq aparan ana artıq imkansızlıq ucbatından bunu davam etdirə bilmir. Buna görə də Miranın vəziyyəti daha da ağırlaşır. Əlacsız qalan ana üzünü xalqa tutub tək balasının müalicəsindən ona yardım edilməsini xahiş edir.

 

Vəziyyət o qədər acınacaqlıdır ki, gənc ana övladının gündəlik ehtiyaclarını belə ödəyə bilmir. Hətta bu körpənin nə çarpayısı var, nə də gündəlik üçün geyimləri.

3 yaşlı Mirana kömək etmək istəyən şəxslər 4169738538077136 nömrəli hesaba pul köçürə və ya 050 312 19 54 nömrəsilə əlaqə saxlaya bilər.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv