Erkən nikahlara etiraz edən 104 yaşlı nənə - “Gecə arvadları yığıb aparırdım”

Görkəmli şairimiz Mirzə Ələkbər Sabirin şeiri ilə erkən nikahlara etiraz edən bu nənənin 104 yaşı var. Hacıqabulun Meyniman kəndində yaşayan, özü də 21 yaşında ərə gedən Balabikə Nəcəfova deyir ki, gərək qız övladı ata evindən erkən yaşda çıxmasın. Bir əsrdən çox yaşamış bu qadının ömür yolu da bu dünya kimi keşməkeşli olub. O, pambıq briqadiri, kənd sovetinin deputatı, bağça müəlliməsi olub. Hər gün 150 kq pambıq yığıb təhvil verib. Hətta mükafat almaq üçün Moskvaya da göndərmək istəyiblər, ancaq o imtina edib. İndiki firavanlıqdan razı olan bu nənənin 1941-45 – ci illər müharibəsinin yaşatdığı acıları, həmin dövrlərin aclığında övlad böyütmək üçün çəkdiyi əziyyətləri xatırlayanda üzündəki qırışları da dilə gəlir. Balabikə nənə deyir ki, əlindən hər iş gəlib. Əvvəllər təndirə çörək yapıb, sacda lavaş bişirib, at çapıb, lap ov da edib. Balabikə nənənin 8 övladı, 34 nəvəsi, 100-ə qədər nəticəsi və kötücəsi var. Balabikə nənə oğlu Vadərin yanında yaşayır. Vadər kişinin nəvəsi Aysun bizə nənəsi ilə bağlı bir sirri açır. Həyat yoldaşı 55 il əvvəl dünyasını dəyişib. Nəvələrindən biri Birinci Qarabağ müharibəsində şəhid olub. Bir nəvəsi müharibədə qazisi olub. Mirzə Ələkbər Sabir şeirlərini həyat fəlsəfəsi seçən, o şeirlərin hər sözündən nəticə çıxaran bu qadın övladlarının təhsil alması üçün əlindən gələni edib. Övladlarından həkim olanı da var, müəllim olanı da … APA TV olaraq, biz də Balabikə nənəyə can sağlığı arzulayırıq... Əlibəy Zeynallı Elçin Həsənov

 

Müəllif | Apa.Tv
Apa.tv