Erkən nikahların qarşısını necə alaq?
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.
Tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülməli olan işlər müzakirə edilib. Qeyd edilib ki, bu gün Daxili İşlər Nazirliyi məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxalq normativ hüquqi aktlar və mütərəqqi iş üsulları əsasında digər aidiyyəti qurumlarla əlaqəli şəkildə həyata keçirir. Çıxışlarda həmçinin, təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görülməli olan işlər sadalanıb. Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdirməlidir. Tədbir çərçivəsində hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.