Erməni terrorundan əziyyət çəkənlərə dövlət dəstəyi davam edir

Vətən müharibəsində Ermənistan ordusunun təxribatı nəticəsində Hikmət Qədimov evinə mərmi düşüb. Onun iki mərtəbəli evi tamamilə dağılıb. Müsahibimiz deyir ki, həmin vaxt ailəmlə birlikdə evdə idim. Xoşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmadı. Hikmət Qədimov Goranboy rayonun Zeyvə kəndində yaşayır. Zeyvə kəndi ikinci Qarabağ müharibəsində düşmən gülləsindən zərər görən kəndlərdəndir. Müharibənin ilk günlərindən Zeyvə kəndi Ermənistan ordusu tərəfindən daimi şəkildə atəşə tutulub. Kənd mütəmadi olaraq düşmən tərəfindən  atəşə tutulmasına baxmayaq sakinlər kəndi tərk etməyib. Elə Hikmət Qədimov da kənddən çıxmayıb.

Hazırda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Goranboy rayonunda dağılan, ziyan görən evlərin və digər obyektlərin tikintisi, təmir-bərpası yekunlaşmaq üzrədir. Hikmət Qədimova da tam şəraitli 5 otaqlı ev verilib. Yeni evdə 7 nəfərdən ibarət 2 ailə yaşayır.

Müharibə dövründə 90 yaşlı Əsibə Qədimova da övladlarının yanında olub. Əsibə nənə deyir ki, mən ölsəm də evimi tərk etməyəcəkdim. Biz Ordumuza və Ali Baş Komandana inanırdıq. Buna görə də bizim kəndən heç kəs çıxmamışdı.

Goranboy rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 366 tikili təmir və bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 yaşayış evinin inşası və digər tikililərin təmir-bərpası yekunlaşmaq üzrədir. Qısa zamanda Goranboy rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılacaq. Rayonun Səfikür kənd sakini olan Cəfər - Nicati Həqiqətin evi də düşmən tərəfindən atılan raket nəticəsində dağılıb. Onun evinin yerində yeni ev tikilib. Həqiqət xanım deyir ki, həmin vaxt evdə olub. 

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv