Erməni terrorunun qurbanı olan tibb bacısı – İKİ OĞLU CƏBHƏDƏ VURUŞUR

Oktyabrın 11-də Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində həyatını itirənlərdən biri də 53 yaşlı Dürrə Cəfərovadır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı işləyən mərhum son günlər əsasən yaralı hərbi qulluqçulara xidmət edirmiş. Özü arxa cəbhədə, iki oğlu isə ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda vuruşurdu.

Dünənədək insanların sağlamlığını qorumaq üçün çalışan Dürrə Cəfərova bu gün həyatda yoxdur:

Mərhumun həyat yoldaşı Rahib Xəlilov Qarabağın işğaldan azad olunmasının vacib olduğunu deyir: “İki oğlum var, ikisi də bu dəqiqə cəbhədə vuruşur. Qarabağ alınmalıdır. 30 ildir əziyyət çəkirik. Nə qədər olar əziyyət çəkmək”.

Hazırda iki övladı cəbhədə olan ailənin qələbəyə inamı tam, ordumuza və dövlətimizə dəstəyi sonsuzdur: ”Bu gün yoldaşımı şəhid verdik. On nəfər şəhidimiz var. Biz Prezidentimizin arxasındayıq, istəyirik ki, torpaqlarımız alınsın. Qarabağ Azərbaycandır. Şəhid verməyimizə baxmayaraq ruhdan düşmürük”.

Uzun illər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin ən əvəzedilməz işçilərindən olan mərhum tibb bacısının itkisi iş yoldaşları üçün də ağırdır:

- Rəhmətə gedən Dürrə Cəfərova bizim tibb bacımız idi. Allah ona qəni-qəni rəhmət eləsin. Nankor ermənilərin təxribatı nəticəsində vaxtsız-vədəsiz həyatdan köçdü.

- Çox gözəl işçi idi. Fəal işçi idi. Onun balaları ön cəbhədə, özü arxa cəbhədə. Həmişə vətənin keşiyində durduğu üçün balaları ilə fəxr edirdi. Özü də həmçinin.

- Dürrə xanım bizim iş yoldaşımız olub. Çox mərd qoçaq qadın idi. Təəssüflər olsun ki, indi aramızda yoxdur. Bir tərəfdən də qürurlanırıq ki, bizim iş yoldaşımız şəhid olub. Allah rəhmət eləsin, Allah ordumuza qələbə qismət eləsin.

Bütün doğmaları və həmkarları Dürrə Cəfərovanın ruhunun torpaqlarımızın azadlığı ilə tam sakitləşəcəyini deyir. O gün isə artıq çox yaxındır.

Xatırladaq ki, oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv