Erməni təxribatı BMT-də müzakirə olundu – APA TV

“Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında bildirib. Nazir əlavə edib ki, Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma “blokada” və “humanitar böhran” kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi.

Onun sözlərinə görə, Ermənistanın bu kimi təxribatçı addımları sülh müqaviləsi üzrə danışıqları xoş məramla aparmadığını nümayiş etdirdi. Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır.

O, Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin qəbuledilməzliyini, mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu qeyd edib. Bir sözlə Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb.

Toplantıda iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləniblər. BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə keçirilən Qarabağa həsr olunmuş iclası heç bir sənəd qəbul olunmadan başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv