Erməni vəhşiliyini tarix heç vaxt unutmayacaq

1918-ci il mart qırğınları zamanı erməni silahlıları tərəfindən Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb. Bolşevik-erməni silahlı dəstələri Azərbaycanın digər bölgələrində, o cümlədən Şamaxı qəzasının Hacıqabul rayonu ərazisində, Cavad qəzasının Salyan-Neftçala bölgəsində kütləvi qətllər, basqınlar və talanlar törədib.

1918-ci ildə Qubalı-Baloğlan kəndində erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.

Hacıqabul tarix-diyarşünaslıq muzeyində saxlanılan istintaq materiallarından görünür ki, Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər.

1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında da dəhşətli qətllər törədilib. Sentrokaspi Diktaturası 1918-ci ilin yazında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış, əsgərlərlə, hərbi sursatla dolu 6 gəmi ilə Bakıdan Salyan qəzasına yola düşüb. Düşmən birləşmələri Xəzər dənizindən Kürün deltasına girərək çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərib.

Müəllif | Apa.Tv
Apa.tv