Ermənilər Ağcabədi rayonunun dörd kəndini atəşə tutub
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, mərmilərin çoxu əkin sahələrinə düşdüyündən, dağıntılar da az olub.
Mərmilərdən biri Arzuman Qasımovun yonca sahəsinə düşüb.
Kənd icra nümayəndəsi Orxan Şükürovun sözlərinə görə, təkcə bu gün kəndin ərazisinə 40-dan artıq mərmi düşüb. Nəticədə üç evə ziyan dəyib, bir evin hasarı uçub. Kəndin mütəmadi olaraq atəşə tutulmasına və çoxsaylı dağıntılara baxmayaraq, sakinlərin əhval-ruhiyyəsi yüksəkdir. Hər kəs ordumuza güvənir, qələbənin yaxında olacağına inanır.
Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün artilleriya atəşinə tutulur. İndiyədək kənddə 12 ev tamamilə dağılıb, 60-dan artıq evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 300 baş ev quşları tələf olub, 1000 ədəd ot bağlaması yanıb.
Habil Aslanoğlu
Ziya İsmayılov