Ermənilər Ağcabədini atəşə tutdu, 25-dən artıq ev yararsız hala düşdü
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı cinayət əməllərini davam etdirir.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən səhər saatlarından başlayaraq, Ağcabədi rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub:
Bələdiyyə sədri Rasim Piriyev deyir ki, düşmən səhər saat 5-dən kəndləri atəşə tutmağa başlayıb: “Mən də kənddə idim, hamımız kənddə idik. Saat 5-ə yaxın mərmi atıldı, onun birisi bura düşüb. Xoşbəxtlikdən insan tələfatı yoxdur. Ancaq evlərə, qapılara çox ziyan deyib. Ordumuza dövlətimizə, Prezidentimizə arxalanırıq. Allah bayrağımızı uca eləsin. Heç kim də kənddən çıxmır, öz təsərrüfatımızla məşğuluq”.
Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evi yararsız hala düşüb. Rayon sakini Orxan Şükürovun sözlərinə görə, mal-qara tələf olub: “Hal-hazırda gecə səhərədək atışma gedib. Bu gecə 4 ev yararsız hala düşüb. 30-a yaxın iribuynuzlu heyvan, 56 baş xırdabuynuzlu heyvan, 200-ə qədər ev quşu tələf olub”.
Rayon sakini Nurani İsgəndərovun həyətinə düşən mərmi isə onun evini yararsız hala salıb: “Mərmi gəldi evimə düşdü, mən də həyətdə idim. Evim dağıldı, heyvanım öldü, mebellərim qırılıb töküldü”.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bu vaxtadək düşmən təxribatı nəticəsində rayonda yaralanan sakinlər də olub.