Ermənilər Ağdam və Tərtəri atəşə tutub, mülki əhaliyə ziyan dəyib

Yeni humanitar atəşkəs elan olunmasına baxmayaraq bu gün səhər saat 8:00-dan etibarən Ermənistan silahlı qüvvələri Ağdam rayonunu gün boyu ağır artilleriyadan və toplardan atəşə tutub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ən çox atəşə məruz qalan yaşayış məntəqələri isə rayonun Çıraqlı, Çəmənli, Əfətli, Qaradağlı, Əhmədağalı, Qərvənd və Baharlı -1 qəsəbəsi olub.

 

Atılan  mərmilərdən biri körpələr evini yararsız hala salıb. Xoşbəxtlikdən mərmi düşən vaxt bağçada heç kim olmayıb.

 

Körpələr evinin müdiri İlhamə Bağırova düşmənin bu cür təxribatlarından qorxmadıqlarını, Ordumuza güvəndiklərini deyir: “Canımız da qurban olsun Ordumuza. Mən də bir şəhid bacısı olaraq bütün şəhid analarına baş sağlığı verirəm. İnşallah azad olunan torpaqlarımız onların ürəyinə su səpəcək. Mən də Ağdamın Muğanlı kəndindənəm. İstəyirəm ki, torpaqlarımız alınsın, mən də gedim ora. Elə bilərəm ki, qardaşımın qisasını almışam”.

 

Ermənilər Tərtər rayonunun Qapanlı, Qazyan, Hüsənli, Səhlabad yaşayış məntəqələrini  də ağır artilleriyadan atəşə tutub. Atılan mərmilərdən biri Hüsənli kənd sakini Nəsimi Hüseynovun 7 ailə üzvü ilə birgə yaşadığı evinə düşüb, mənzil tamamilə dağılıb. Xoşbəxtlikdən ailə üzvləri evdə olmadığından xəsarət alan olmayıb.

 

Kənd sakinləri düşmənin yaşayış evlərini tez-tez atəşə tutduğunu deyirlər:

 

- Çox atəş açırlar. Atanda mərmi bizim həyətə, qonşunun həyətinə, məktəbə düşdü. İnəklərimiz öldü, atımız öldü, traktorumuz bu günə düşdü. Ordumuz sağ olsun.  Ermənilərin qabağını alırlar, bizi, kənd camaatını qoruyurlar. Biz Prezidentimizə arxalanırıq.

 

- Kənddə dağılmış evlərimiz çoxdur. Mütəmadi olaraq düşmən atəşkəsi pozur, dinc əhaliyə dinc sakinlərə qarşı atəş açırlar. Bu gün saat 8:00-da yenə atəşkəsi pozdular. Kəndə iki mərmi düşdü, ziyan çox oldu. Amma buna baxmayaraq, kənd əhalisi bir saat da olsa belə kəndi tərk etməyib, tərk etmək fikri də yoxdur. Nə qədər evlərimizə ziyan dəyib, hər şey dağılıb. Bütün bunlar qurban olsun əsgərlərimizə. Prezidentimiz də sağ olsun ki, xalqın ürəyincə hərəkət edir.

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə “Twitter” hesabında saat 08.00-dən 13.00-dək Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisinin atıldığı barədə məlumat paylaşıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv