Ermənilər Ağdamda orta məktəbi ağır artilleriyadan atəşə tutdu
Ermənilər yaşayış məntəqələrini atəşə tutmağa davam edir. İşğalçı ordunun hərbçiləri bu dəfə Ağdamın Mərzili və Qaradağlı kəndini ağır artilleriyadan atəşə tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən tərəfindən atılan mərmilərdən biri Mahrızlı kənd tam orta məktəbinə düşüb və ciddi dağıntılara səbəb olub:
Yenə yaşayış məntəqələri, yenə mülki əhali, yenə bombardman... Ermənistan silahlı qüvvələri bu dəfə də ağır artilleriyadan Ağdam rayonu, Mahrızlı kənd tam orta məktəbini hədəf aldı. Nə yaxşı ki, həmin vaxt məktəblilər məktəbdə deyildi. Yoxsa əks halda, böyük faciələr yaşanardı.
- Məktəbdə gecə gözətçisi işləyirəm. Hər zaman yerimizdəyik. Azğınlaşmış düşmənin Ordumuza gücü çatmır, dinc əhalini atəşə tutur. Bunlar öz niyyətləri ilə yəqin ki, heç nə edə bilməyəcəklər. Eşq olsun Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır! Allah Ali Baş Komandanımıza dəyməsin. Yaşasın Azərbaycan! Həmin vaxt evdə idik. Saat altı, yeddiyə işləmiş atdılar. On beş, iyirmi mərmi atdılar məktəbə. Biri muzey var, onun arxasına düşdü, biri yola düşdü, biri bir ev var, ora düşdü.
- Səhər saat 6 radələrində ermənilər kəndimizi top atəşlərindən güllə-barana tutdu. Nəticədə orta kənd məktəbi bu vəziyyətə düşdü. Onların bu hərəkətlərinə baxmayaraq kənd əhalisi yerindədir. Hamı öz işi ilə məşğuldur.
Qaradağlı kəndinə düşən top mərmisi isə Mütəllim Cəfərovun fərdi evində dağıntılara səbəb olub. Top mərmisi atılan zaman beş ailə üzvü hamısı evdə olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ermənistan silahlı qüvvələri fasilələrlə olsa da hazırda da yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.