Ermənilər Ağdamın Baharlı qəsəbəsini atəşə tutub – YARALILAR VAR
Ermənistan silahlı qüvvələri gecəboyu və səhər saatlarından başlayaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur.
APA TV-nin yerli bürosunun məlumatına görə, işğalçı ordunun hərbçiləri Ağdamın yaşayış məntəqələrini, ən çox isə məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsini hədəf seçib.
Nəticədə mülkü əhali arasında 2 nəfər - 41 yaşlı Loğman Musayev və 51 Şahsuvar Vəliyev qəlpə yarası alaraq Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib: “Erməni mənfur düşmənləri atəşə tutdular qəsəbəni. İri çaplı silahlardan, toplardan. Düşdü mərmilər, nəticədə qəsəbəmizdə iki nəfər yaralandı. Onları gətirdik xəstəxanaya. Hazırda hələ də dinc əhalini atəşə tutublar”.
Bundan başqa, qəsəbə sakini Taleh Rüstəmov nənəsi Sabirənin də evinə mərmi düşdüyünü deyir. Onun sözlərinə görə, az sonra mərmi düşən evdə yanğın başlayıb.
Həyətdəki ehtiyat sudan istifadə edərək o, yanğının genişlənməsinin qarşısını alıb və alovu söndürüb: “Vallah mən evdəydim də. Elə nənəmgilin evidir, bura gəlmək istəyirdim. Elə bil mənə dedilər ki, çörəyini ye sonra get. Getdim evə qayıtdım. Evin şüşələri zadı da qırılıb. Bir də gördüm yaxına düşdü. Evin üstünə qəlpələr zadlar. Qapını açdım gördüm tüstü çıxıb. Nənəmgilin evidir vurublar.
Döyüş meydanında uduzduğunu anlayan ermənilərin hədəf aldığı Baharlı qəsəbəsində qısa müddətdə 10-dək ev top və raket mərmilərindən dağılaraq yararsız hala düşüb.
Allahyar Quliyevin həyətinə düşən mərmi isə yanğına səbəb oldu. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Habil Aslanoğlu,
Arzu Quliyev
APA TV