Ermənilər Azərbaycan əsgərini yaraladı - CİNAYƏT İŞİ AÇILDI
Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozulub, Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsindən yaralanıb.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa, düşmən öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub, düşmən hücumunun qarşısını alarkən Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.