Ermənilər Bərdəni atəşə tutdu, 7 mülki şəxs yaralandı
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
APA TV-nin yerli bürosunun məlumatına görə, işğalçı ölkənin silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
Bərdə şəhərində yerləşən restoranlardan birinə raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, rayondakı məktəblərdən birinin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.