Ermənilər bu günədək Ağdamın 43 yaşayış məntəqəsini ağır artilleriyadan atəşə tutub
Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən bu günədək Ağdam rayonun 62 yaşayış məntəqəsindən 43-nə ağır artilleriya qurğularından top və raket mərmiləri atıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nəticədə yüzlərlə fərdi yaşayış evinə ziyan dəyib. Ümumilikdə isə bu günədək 7 nəfər dinc sakin həyatın itirib, 42 nəfər isə yaralanıb.
Bundan başqa, 15 təhsil müəssisəsi, 5 körpələr evi erməni təxribatı nəticəsində dağılıb.
Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yardımçı tikililər, mağazalar, iaşə obyektləri, istehsal müəssisələri, eləcədə mal tövlələri dağılıb. Həyətyanı təsərrüfatlara mərmi düşməsi nəticəsinə 400 baş iri və xırdabuynuzlu heyvan tələf olub:
Törədilən təxribatlara baxmayaraq, rayon sakini Kamil Əliyev özü də döyüşlərə qatılmağa hazırdır: “Müharibə elə bil ki, toy bayramdır. İndi müəyyən çətinliyimiz olsa da qələbə üçün canım da qurbandır, vətənim, torpağım üçün. Bir şəhid qardaşı kimi fəxr edirəm ki, bu gün oğlanlarımız döyüşür. Mən indi döyüşə getməyə hazıram”.
Rayon sakini Yusif İsmayılovun sözlərinə görə, Ordumuza güvəni sonsuzdur: “Çoxumuz evdən çıxmamışıq. Mən özüm də bir gün belə olsun evimdən çıxmamışam. Burada yaşayıram. Məktəbə düşərkən səngərə girdim, qəlpələr üzərimə töküldü. Evimin şüşələri sınıb, qapım əzilib. Mənim tək sözüm budur. Prezidentimizə, Ordumuza qurban olaq. Həmişə onların arxasındayıq. 53 yaşım var, Prezident icazə versə tank da sürə bilərəm, sürücüyəm. Lap səngər də qaza bilərəm”.
Bundan başqa, rayonun infrastrukturuna xeyli ziyan dəyib. Elektrik dirəkləri və xətləri sıradan çıxıb. Rabitə və qaz xətlərinə ciddi ziyan dəyib. Yol infrastrukturunun bir hissəsi hərəkət üçün yararsız hala düşüb. Mexaniki Suvarma Sistemləri İdarəsinin rəisi Hafiz Əzimov deyir ki, cəbhə xəttinə yaxın ərazilərdəki subartezian quyularından çoxu istismara yararsız vəziyyətdədir: “Həqiqətən bu gün bizim üçün şərəfli gündür. Elə bir dövrdə yaşayırıq ki, Allah cənab Prezidentimizi, Ordumuzu qorusun. Biz çətin olmasına baxmayaraq, hər anımızın təhlükəli olmasına baxmayaraq, çox böyük ürəklə, hünərlə, fəxrlə işləyirik. Hətta biz hər birimiz özümüzü əsgər hesab edərək çətin anlarda lazım olan mövqelərə gedib orada öz işimizi görürük. Və bu işdən qürur duyuruq”.
Düşmən təxribatı nəticəsində əkin sahələrinə düşən minlərlə top, qrad, minaatan mərmiləri minlərlə hektar torpaq sahəsini partlamamış silah sursatla çirkləndirib. Mərmilər pambıq, soğan sahələrində məhsul yığımını gecikdirməklə yanaşı, həm də məhsulun zay olmasına səbəb olub.
Habil Aslanoğlu,
Ziya İsmayılov,
APA TV