Ermənilər Füzulini atəşə tutdu, 3 mülki şəxs yaralandı

Hazırda dayandığım yerin dərinliyi təqribən 5 metrə yaxın olar. Bu ötən gün axşam saatlarında Ermənistan ordusunun atdığı top mərmisinin izidir. Top mərmisinin atılması nəticəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evi və məscid ciddi şəkildə ziyan görüb. 

 

Düşmən ordusu yaşayış evlərini və mülki şəxsləri hədəfə alaraq atəş açmaqda davam edir. Ötən gün artilleriya atəşi nəticəsində Füzuli istiqamətinə atılan top mərmisi ətrafda yerləşən bir sıra evləri yararsız vəziyyətə salıb. Bundan əlavə, yaxınlıqda yerləşən məscidin şüşələri sınıb, içərisində bəzi otaqlar ziyan görüb:

 

Rayon sakini Şikar Məmmədzadə deyir ki, düşmən axşam saatlarında rayonu atəşə tutub: “Axşam saatlarında evdə oturub televizora baxırdıq. Qəfildən bir səs gəldi. O zaman hiss etdik ki, evdə tərpəniş, titrətmə var. Evdən çölə çıxdıq. Bu zaman aşkar olundu ki, boş sahəyə, bu əraziyə düşüb.

 

Bura isə bir top mərmisinin ziyan vurduğu yaşayış evlərindən biridir.

 

Axşam saatlarında atılan top mərmisi yaxınlıqda yerləşən evlərdən birini bu vəziyyətə salıb. Demək olar ki, evin bütün otaqları yararsız durumdadır.

 

Ev sahibi Sənan Qəribov deyir ki, hadisə axşam saat 12 radələrində baş verib. Mərminin zərbəsinin təsirindən evi bu hala düşsə də xoşbəxtlikdən xəsarət alan olmayıb: “Burada gecə saat 12 radələrində yatdığımız yerdə bir də gördük ki, alçipan başımıza töküldü. Sonra həmçinin buradan durub çıxdıq. Gəldik bura keçdik ki, heç olmasa burada nə isə olmasın. Gördük ki, burada da eyni vəziyyətdir. Bura koridordu, bura qonaq otağıdır. Hamısı eyni vəziyyətdə. Bura uşaq otağıdır”.

 

Qeyd edək ki, Baş Prokurorluq ermənilərin Füzulini atəşə tutması nəticəsində 3 mülki şəxsin - 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlunun xəsarət alması barədə məlumat yayıb.

 

Görünən kadrlar düşmən ordusunun hansı niyyətdə olduqlarından xəbər verir. Bu isə xalqın əzmini heç bir zaman sındıra bilməz.

 

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv