Ermənilər Goranboyda məktəbi artilleriya atəşinə tutdu
Düşmən ordusu yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy rayonunun mərkəzi də daxil olmaqla bir neçə kəndlərini ağır artilleriya atəşinə tutub.
APA TV-nin yerli bürosunun məlumatına görə, atəş məruz qalan kəndlərdən biri də düşmənə yaxın olan rayonun Qaraçinar kəndidir. Düşmən təxribatı nəticəsində Qaraçinar kənd tam orta məktəbinin binasına mərmi düşüb. Nəticədə məktəbin inzibati binasına külli miqdarda ziyan dəyib.
Məktəbin direktoru Cavanşir Əsədov deyir ki, təhsil ocağı cəbhə bölgəsində yerləşdiyindən 3 gün bundan öncə burada tədris dayandırılıb.
Kəndə mərmilərin düşməsi nəticəsində mülki infrastruktur obyektlərə və yaşayış evlərinə ziyan dəyib. Bundan əlavə, kənddə bir neçə nəfərə məxsus mal-qara da tələf olub.
Düşmən tərəfindən törədilən bütün təxribatlara baxmayaraq kənddə həyat öz axarı ilə davam edir.
Hazırda cəbhənin Goranboy istiqamətində güclü döyüşlər davam edir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV