Ermənilər sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib – EKOLOJİ TERROR
Qazax rayonunun Ermənistanla sərhəddə, Kəmərli kəndi ərazisində yerləşən bu su anbarı ötən əsrin 80-ci illərində inşa edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, mənbəyini Ermənistandan götürən İncəsu çayı bu anbara tökülür. Bura yığılan sudan isə Kəmərli kəndi ilə yanaşı, İncə dərəsinin digər kəndləri - Qaymaqlı və Aslanbəylinin sakinləri də istifadə edirdi.
Lakin ermənilər İncəsu çayının qarşısını kəsdiyi üçün hazırda anbarda demək olar ki, su yoxdur.
Sakinlər deyir ki ermənilər İncəsu çayının qarşısını kəsməklə ekoloji terror törətməyə çalışırlar.
Qazax suvarma sistemləri idarəsindən isə bildirdilər ki anbara suyun toplanması ancaq İncəsu çayı vasitəsilə mümkündür. Həmin çay isə bədnam qonşuların nəzarətindədir. Yerli sakinlərin suvarma suyuna olan ehtiyacı hazırda İncə dərəsi istiqamətində Kür çayından götürülən su hesabına ödənilir. Bu isə 1553 hektar sahəni əhatə edir. Suvarma probleminin həlli ancaq Kür çayından yenidən, yeni nasos stansiyasının qurulması ilə mümkün olar. Bunun üçün də aidiyyəti qurumlara müraciət olunub.