Ermənilər Siyəzənə raket atıb – MƏRMİ DƏNİZƏ DÜŞÜB

Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri yenidən mülki əhaliyə qarşı terror əməllərini davam etdiriblər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edən düşmən cəbhə zonasından uzaqda yerləşən Siyəzən rayonuna raket atıb.

Raket Bakı-Quba-Rusiya Federasiyası sərhədi magistral yolunun yaxınlığında yerləşən rayonun kənarındakı Çəndəhar kəndi ərazində dənizə düşüb.

Kənd sakini Qəmbər Məmmədov deyir ki, hadisə səhər saat 08:00 radələrində baş verib: “Saat 8-ə işləmiş olardı bayıra çıxdım, birdən partlayış səsi eşitdim. Baxdım ki, göydə nə isə yanır və tüstü verə-verə gəlib düşdü dənizə. Mən yerli idarəetmə orqanlarına dərhal məlumat verdim, onlar da lazımı bütün qurumlara məlumat veriblər”.

Deputat Sadiq Qurbanov isə bunu düşmənin döyüş meydanında məğlubiyyətə uğradılması ilə əlaqələndirir: “Baş verən hadisə ermənilərin çarəsizliyinin, vandalizminin göstəricisidir. Ermənilər bütün cəbhə boyu ordumuza məğlub olurlar, qaçırlar. Ermənistan ərazisindən qadınları, gəncləri, qocaları zorla tutub gətirirlər bizimlə döyüşməyə. Bu da alınmayanda belə alçaq əməllərə yol verirlər. Onlar bilir ki, bizim uğurlarımızın kökündə Azərbaycan xalqı, Azərbaycanın Ali Baş Komandanın birliyi dayanır. Onlar da bu birliyi pozmağa cəhd edirlər, amma buna nail ola bilməyəcəklər”.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələri oktyabrın 22-də Siyəzən və Qəbələyə də ballistik raket atıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv