Ermənilər Tərtəri atəşə tutdu – BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR

Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, işğalçı ordunun hərbçiləri səhər saatlarından başlayaraq Tərtər şəhərini və ətraf kəndlərini atəşə tutmağa başlayıb.

 

Düşmənin atdığı mərmilərdən biri şəhər mərkəzində yaşayan 1969-cu il təvəllüdlü Ədavət Axundovun evinə düşüb. Səhər yeməyi yeyən Ədavət Axundov öz evində həlak olub.

 

Tərtərin ikinci Qapanlı kəndi də ermənilərin hədəf seçdiyi mülki yaşayış məntəqələrindəndir. Sentyabrın 27-dən bu günə qədər ikinci Qapanlı və ikinci Qazyan kəndlərinə 2000-dən çox mərmi atılıb, onlarla ev dağılıb.

 

Ermənilərin atdığı top mərmisindən sonuncusu Ziyəddin İbrahimovun evinə düşüb. Ailə üzvləri evdə olmadığı üçün xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Bütün təxribatlara baxmayaraq, sakinlərin ordumuza güvəni sonsuzdur:

 

- Təki Ali Baş Komandanımızın canı sağ olsun. Bu evin mini ona qurbandır. Allah ona dəyməsin. Biz heç vaxt çıxmayacağıq. Min dənə ev dağılsın. Çıxası, torpağımızı tərk edəsi deyilik. Biz ölənlərdən artıq deyilik. Allah onlara rəhmət eləsin.

 

- Evdə idik. Bir saat olardı çıxmışdıq, atışma baş verdi. Sonra uşaqlar zəng elədi ki, ev dağılıb. Pis olmuruq. Allah Prezidentimizə can sağlığı versin. Ordumuz sağ olsun. 100 belə ev şəhidlərimizə qurbandır.

 

Qazyan kəndi də Qapanlı kəndi kimi təmas xəttinə yaxın yerləşir. Ermənilər bu yaşayış məntəqəsini də mütəmadi atəşə tutur.

 

Təkcə kənd sakini Əliş Cabbarovun fərdi təsərrüfatına 5 top mərmisi düşüb. Onlardan üçü həyətyanı sahəyə düşsə də, ikisi evin üstünə düşüb. Top mərmisi evi tamamilə yararsız hala salıb.

 

Sakinlər ermənilərin kəndi mütəmadi olaraq atəşə tutduğunu deyir:

 

- Çox atıblar. 4 evə ziyan dəyib. Əhalinin üstünə salıblar mərmilərin. Xəsarət alan var. Mustafayev Asif Cəmil oğlu 1939-cu il təvəllüddür. Kənddə əhali yaşayır. Öz işi-gücü ilə məşğuldur. Əkin-biçinlə məşğuldurlar.

 

- Yaşayırıq, təsərrüfatımızla məşğuluq. Ayın 27-si səhər saat 8-in yarısından başlayaraq bu günə qədər mütəmadi olaraq kəndimiz hər gün artilleriya atəşinə məruz qalır. Demək olar ki, evlərin hamısına, yardımçı tikililərə zərər dəyib.

 

 

Qeyd edək ki, bu gün Tərtərdə kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri - 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv