Ermənilər Tərtəri atəşə tutdu, bir mülki şəxs yaralandı
Humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtəri şəhərini və ətrafdakı Şıxarx qəsəbəsini, eləcə də Əskipara və Ələsgərli kəndlərini ağır artilleriyadan atəşə tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən təxribatı nəticəsində Ələsgərli kənd sakini Niyaz Səlimovun evinə düşən mərmi onun yaralanmasına səbəb olub. O, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Niyaz Səlimovun qonşuları hadisəni belə xatırlayırlar:
- Gördüm top düşdü, qaçdım baxım ki, kimin evinə düşüb. Gəldim gördüm ki, qan içində oturub burda.
- Səhər saatları idi. Mən evdən atılan vaxtı çıxdım, pəncərədən baxdım. Kəndə çox atılıb. Bu yaralını da bu qardaş çıxardıb.
Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən dinc əhalini, yaşayış evlərini, musiqi məktəblərini, səhiyyə ocaqlarını hədəf alır.
Erməni terrorçularının Əskipara kəndinə atdığı mərmi də yaşayış evinin dağılmasına səbəb olub. Xoşbəxtlikdən ev sahibləri evdə olmadığından xəsarət alan olmayıb. Hazırda döyüşlər davam edir.