Ermənilər Tərtərin Qapanlı kəndini atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında ermənilər kəndi avtomat və snayperlərdən atəşə tutub. Güllələrdən biri Zülfüqar Quliyevin evinin pəncərəsindən keçərək, otağın divarına dəyib: “Bu həyətə, qonşuların həyətinə birinci dəfə deyil dəfələrlə belə hadisələr olub. Bu kəndə dəfələrlə top mərmisi düşüb. 1994-cü ildə top mərmisi düşüb, 2016-cı ildə qrantamyot mərmisi düşüb. Bu gecə də saat 05:15-də atəş səsi gəldi. Oyandım ki, ermənilərin snayperdən atdığı güllə pəncərəmi sındırıb içəri düşüb”.
Müharibə başlayandan Quliyevlər ailəsi yaşadıqları evdə dəfələrlə ermənilərin atəşinə məruz qalıb. 1994-cü ildə bu həyətə düşən top mərmisi nəticəsində evin ağsaqqalı Bəhmən Quliyev qəlpə yarası alıb. Evin gəlini Səadət Xəlilova deyir ki, həmin gündən sonra yaralı Bəhmən Quliyev keçirdiyi sarsıntıdan sağalmaz xəstəliyə tutulub. 1 il sonra isə dünyasını dəyişib: “Gecə gördüm ki evdə partlayış oldu. Oğlumu 3 dəfə çağırdım, qorxdum, yoldaşım evin işığın yandırdı dedi qorxma yataq otağına düşməyib, qonaq otağına düşüb. Çox bərk səs çıxdı, o səbəbdən qorxdum. Saat 2-yə kimi mənim oğlum televizora baxır. Saat 12 də olsaydı mənim oğluma dəyərdi. Birinci dəfə deyil ki, çox belə olub. Qapımıza düşüb heyvanımıza dəyib. Müharibədə evlərimizə düşüb. 1994-cü ildə həyətə düşdü qayınatam yaralandı, rəhmətə getdi”.
Düşmən cavab atəşi ilə susdurulub. Hadisə yerinə həmin istiqamətdə xidmət aparan Ordumuzun zabitləri və rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib.