Ermənilər Tərtərin üç kəndini atəşə tutdu – MÜLKİ ƏHALİYƏ ZİYAN DƏYDİ

Ermənistan silahlı qüvvələri bu gün də yaşayış məntəqələrimizi atəşə tutub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, işğalçı ordunun hərbiçiləri Tərtərin ən böyük qəsəbələrindən hesab olunan və məcburi köçkün ailələrinin məskunlaşdığı Şıxarx qəsəbəsini ağır artilleriyadan atəşə tutub. Nəticədə çoxmərtəbəli binalardakı mənzillərə ziyan dəyib:

 

- Bir saat olar ki, bura mərmi düşüb. Mərmi düşəndə mən orada durmuşdum. Hələ ki, xəsarət alan olmayıb. Burdakı binalara xeyli zərər dəyib. Onlar atdıqları mərmilərlə ancaq mülki insanları hədəf alırlar. Prezidentimiz sağ olsun. Bax bizim bu qədər binalarımız, evimiz-eşiyimiz Ordumuzun və Prezidentimizin bir dənə telinə qurban olsun.

 

- 1 saat bundan əvvəl bura mərmi düşüb. Bu ərazini çox vururlar. Yaşayış məntəqəsi olsa da, yenə bu ərazini atəşə tuturlar. Bu binalardan qaçqınlar yaşayır deyə ona görə buranı vururlar.

 

Mülki əhalini hədəfə alan ermənilər rayonun Əskipara kəndini də top atəşinə tutub. Nəticədə yerli əhaliyə ziyan dəyib. Eyni zamanda qaz, işıq və su xətlərində dağıntılara səbəb olub:

 

- Xalqımız, camaatımız hər birimiz Ordumuza dəstəyik. Ordumuza dəstək olmaq üçün canımızdan keçməyə hazırıq. 1992-ci ildə döyüşüb bu günə kimi gözləmişik. Amma indi də irəli getməyə hazırıq.

 

27 ildir ermənilərin hədəfinə çevrilən Qapanlı kəndinə də düşmən tərəfindən ağır artilleriyadan mərmilər atılıb. Nəticədə sakinlərə məxsus evlərdə dağıntılar baş verib:

 

- Çox evə ziyan dəyib. Yəni onların əlindən odur ki, bizim mülki vətəndaşları qırsınlar. Çünki onların bizə gücü çatmır. Qədim zamanlardan onların bizə gücü çatmayıb. Heç indi də çatmır, çatmayacaq da. Sadəcə olaraq mülki əhalini atəşə tuturlar.

 

 

Habil Aslanoğlu,

Ziya İsmayılov

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv