Ermənilər Türkiyə ilə görüşün Moskvada keçirilməsini niyə istəmir?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, BMTM-nin sədri Fərid Şəfiyev bildirib ki, mərkəz il ərzində 8 beyin mərkəzi ilə anlaşma memorandumu imzalayıb, bununla da memorandumların sayı 30-a çatdırılıb.
Fərid Şəfiyev növbəti illə bağlı Mərkəzin planlarından da danışıb: “Bizim həm xaricdə həm də Azərbaycanda tədbirlərimiz yenə davam edəcək. Xüsusilə xarici ekspertlərin iştirakı ilə azad olunmuş torpaqlarımızda görüşlər planlayırıq. Şuşa ilə bağlı beynəlxalq səviyyəli bəzi planlarımız da var. Bunun üçün orada artıq geniş imkanlar da var.”
APA TV-nin “Moskvada keçiriləcək Türkiyə-Ermənistan nümayəndələrinin görüşlərində hansı nəticələr gözlənilir” sualına da cavab verən Fərid Şəfiyev bildirib ki, bəzi ermənilər görüşün Rusiyada keçirilməsinə etiraz edir: “İstər Türkiyə, istərsə də Azərbaycanla Ermənistan nümayəndələri arasında görüşlər davamlı olmalıdır. Və bu görüşlərdə vasitəçi axtarılmamalıdır. Bu görüşlər üçün Gürcüstan daha münasibdir. Türkiyə və Ermənistan arasındakı münasibətlərin gərgin olmasında bir neçə dövlətin maraqları var”.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan F.Şəfiyev deyib ki, 2021-ci ildə əlaqələrin normallaşmasına doğru addımların atılması istiqamətində müsbət dinamika müşahidə olunur və Ermənistan rəhbərliyi anlayır ki, ölkənin perspektivləri məhduddur, yeganə yol isə qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətin normallaşmasıdır.
Fuad Sadıqov,
Ceyhun Mustafayev,
APA TV