Ermənilərin atdığı mərmi Tərtər məhkəməsinin yanına düşüb, ölən və yaralananlar var
Cəbhə bölgəsində Ermənistan ordusunun təxribatı davam edir.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən bu gün səhər saatlarından başlayaraq Tərtərin şəhər mərkəzi ilə yanaşı, cəbhəyə yaxın olan bütün kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıb.
Nəticədə rayonun Azadqaraqoyunlu kəndində bir neçə evə mərmi düşüb, kənd sakini Həsənov Paşa Nəsir oğluna məxsus evə ciddi ziyan dəyib.
Bundan əlavə, iriçaplı silahlardan atılan mərminin ev sahibinə məxsus tövləyə və yardımçı tikiliyə düşməsi nəticəsində 11 baş iri buynuzlu heyvan tələf olub, 5 tona yaxın arpa isə yararsız hala düşüb. Hadisə zamanı ev sahibinin ailə üzvləri evdə olmadığından xəsarət alan olmayıb:
- Gecə həyətdə oturmuşduq. Sağdan-soldan atəşə tutdular, alışdı. Yaxınlaşa bilmədim. Gedib baxa bilərsiniz, 4-5-dənə də evin arxasına düşüb. Mən o vaxta qədər sürünə-sürünə gəldim ki, heyvanı çıxardam gördüm ki, alışıb.
- Hardasa saat 2-də top mərmisi gəlib düşdü, 11 baş iribuynuzlu heyvan tələf oldu.
Düşmənin iriçaplı silahlardan atdığı mərmilər Tərtər rayon məhkəməsinin inzibati binasına da ziyan vurub. Bundan başqa atılan mərmi nəticəsində rayon sakini Əliyev Mehman Sovet oğlu ağır qəlpə yarasından hadisə yerindəcə dünyasını dəyişib.
Düşmən Tərtər Rayon Mərkəzi Xəstəxanasına məxsus təcilli tibbi yardım maşınını da vurub. Nəticədə “UAZ”ın sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qəmbər Əsgər oğlu ayağından yaralanıb, onun iki sərnişini isə xəsarət alıb. Yaralılar paytaxta gətirilərək xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV