Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb
Ermənilərin raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 19-a çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Bərdənin yenidən atəşə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib. Hikmət Hacıyev mülki əhali arasında itkilər olduğunu və Ermənistanın belə məqsədli müharibə cinayətlərinin şiddətlə qınanmalı olduğunu qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında isə bildirilib ki, “humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri “Smerç” raket sistemindən istifadə edərək Bərdə şəhərini yenidən atəşə tutub. Bu, bəşəriyyətə qarşı cinayətdir!” – deyə qeyd olunub.