Ermənilərin Dondar Quşçu kəndinə atdığı mərmilər 8 evə ziyan vurub - REPORTAJ
Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Dinc sakinlər arasında xəsarət alan yoxdur.
Atəş səsləri sübh saatlarından başlasa da, kənd sakinləri evlərini tərk etməyib və gündəlik həyatına davam edirlər.
- Biz bura yaxınlaşanda gördük ermənilər bu evi vurdu, sonra bir neçə mərmi də düşdü, dağıtdı hər yeri. Sonra gördük mənim evim tərəfi vururlar, getdik ora.
- Mən çöldə idim, gördüm mərmi düşdü. Çatdırıb içəri keçə bilmədim, darvaza tərəfdə uzandım yerə, onda gördüm mərmi açıldı. Bir dəqiqə keçmədi, biri də düşdü bura. Bu kənddə hamı evdədir. Heç kim heç yerə getməyib.
- Səhər saat beş olardı, biz hamamda uzanmışdıq. Gördük mərmi düşdü, səsə çölə çıxanda gördük evimiz viran qalıb.
Kənd icra nümayəndəsi Samir Hüseynov deyib ki, Ermənistan Silahlı Qüvvələrinin iyulun 13-dən bəri Tovuzun Dondar Quşçu kəndinə atdığı mərmilər 8 evə ziyan vurub. Həmin evlərdən 2-si dağılıb.
Cəbhədə vəziyyət gərginləşdiyi gündən Tovuzda olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, dünən nisbi sakitlik olsa da, düşmən bu gün saat 03:55-dən başlayaraq yenidən iriçaplı pulemyotlardan və toplardan istifadə edib: “Əsas məqsəd Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərini vurmaq və əhalini qorxutmaqdır. Buranın əhalisi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, gedən proseslərdə iştirak edib. Artıq buna alışıblar, onları qorxutmaq mümkün deyil. Mən özüm də bu ərazilərdə hərbidə olmuşam. Ermənilərin açdığı atəş nəticəsində buradakı evlərə ziyan dəyib, mərmi düşüb. İndiki məqamda vətəndaşların yanında olmaq millət vəkili kimi mənim borcumdur. Hazırda hər kəs Azərbaycan Ordusuna dəstək olmalıdır. Bu gün ordumuz vəzifəsini layiqincə yerinə yetirir”.
Deputat vurğulayıb ki, ermənilərin təxribatı nəticəsində Dondar Quşçu kəndinə 20 mərmi düşüb: “Nəticədə evlər dağılıb, həyətyanı sahələrə ziyan dəyib. Eyni zamanda Ağdam və Əlibəyli kəndlərində də intensiv atışmalar gedir. Artıq mövqe döyüşləri getdiyi üçün yüngül silahlardan istifadə olunmur. Kənd sakinlərinin hamısı yerindədir. Kişilər, gənclər, qadınlar – hamısı buradadır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə APA TV-yə bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə etimad qalmayıb: “Biz tələb edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri üzərində dəyişiklik edilsin. Əgər həmsədrlər Ermənistana təzyiq etsəydilər, onlar bu qədər vandalizmə, mülki insanların vurulmasına getməzdilər. Bizim ordumuz onlara layiq olduğu cavabı verir. Bütün diaspor təşkilatlarımıza, xarici dilləri bilən insanlarımıza müraciət edirəm. Buradakı insanlar 4 gündür yatmır. Ona görə bizim diaspor təşkilatları bu insanların səsini yaşadıqları ölkələrdə duyurmalıdırlar”.
Ermənistanın məqsədinin mülki vətəndaşları vurmaq, insanları qoxutmaq, panika yaratmaq olduğunu deyən Qənirə Paşayeva qeyd edib ki, insanlar bu hala alışdıqları üçün özlərini necə qorumağı da yaxşı bilirlər.