Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmənin bu gün səhər saatlarında Goranboy rayonun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub.

 

Rayonun Qızılhacılı kəndinə düşən mərmilər isə iki evin tamamilə dağılmasına səbəb olub.

 

Bundan başqa, rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

 

İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən bu gün saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

 

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində  zəruri istintaq tədbirləri həyata keçirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv