Ermənilərin Mingəçevirə vurduğu ziyan hesablanır
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Mingəçevir şəhərinə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Maliyyə nazirinin müşaviri, Mingəçevir şəhəri üzrə işçi qrupunun rəhbəri Rafiq Hüseynov bildirib ki, işçi qrupu tərəfindən bu günədək 34 akt tərtib edilib. Bunun 31-i fərdi yaşayış evlərinin, 3-ü nəqliyyat vasitələrinin payına düşür. Bir ev və bir yarımçıq tikili tamamilə yararsız hala düşüb. Ermənilərin şəhəri raket atəşinə tutması nəticəsində yararsız vəziyyətə düşmüş bir yaşayış evinin tikintisi və iki evin isə təmiri "Azərenerji" ASC tərəfindən həyata keçirilir: "Hazırda işçi qrupu olaraq işi yekunlaşdırma mərhələsindəyik. Dekabrın 10-dək dəymiş ziyanın qiymətləndirilməsi və tələb olunan maliyyə vəsaitinin həcminə dair təkliflər dövlət komissiyasına təqdim ediləcək. Bir neçə günə biz işimi yekunlaşdıracağıq”.
Xatırladaq ki Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV