Ermənilərin Tərtərə atdığı raket 16 yaşlı yeniyetmənin həyatına son qoydu
Ermənistan ordusu tərəfindən Tərtər rayonu ərazisinə atılan “Smerç” raketi 16 yaşlı yeniyetmənin həyatına son qoyub.
APA TV-nin xəbərinə görə, 2004-cü il təvəllüdlü Xoruzlu kənd sakini Orxan Rəhbər oğlu İsmayılzadə xurma bağına düşən raket qəlpələrinin qurbanı olub.
Kənd icra nümayəndəsi Məzahir Mahmudov hadisə abrədə ətraflı məlumat verib: “Bu gün saat 11-in yarısında ermənilər böyük bir raket atıblar. Bir parçası Kəbirli kəndində bağa düşüb, orada bir nəfər 16 yaşlı İsmayılzadə Orxan Rəhbər oğlu adında bir uşağı öldürüb. O biri hissəyə də ziyan vurub. Motor hissəsi də bir adamın evinin qapısına sancılıb. Yaxşı ki, evə dəyməyib. Dəysəydi, beş adamı öldürəcəkdi”.
Xurma bağına düşən raketin qəlpələri 2 yerdə parçalanıb. Birində çoxlu sayda meyvə ağaclarını yandıraraq kül edib, digərində isə ağaclara böyük zərər verməsə də, Orxanın həyatına son qoyub. Həmin Vaxt Orxanın dostu Nurəli Vəliyev də orda olub: “Orxan ağacda idi. Meyvə dərirdi. Raket düşən zaman kürəyindən qəlpə yarası alıb. Gördüyünüz kimi, orada qan izləri də var. Oradan bura gətirilmişdi, burdan da maşına qoyulub xəstəxanaya aparıldı. Çox gözəl uşaq idi, dost idi. Hamımız onunla dostluq eləyirdik”.
Raketlərdən biri isə Samir Quliyevin həyətinə düşüb. Həmin vaxt həyətdə 5 nəfər ailə üzvü olub. Lakin xoşbəxtlikdən partlayış baş verməyib. Bu səbəbdən güclü dağıntı və ya xəsarət alan olmayıb.
Habil Aslanoğlu
Ziya Quliyev