Ermənilərin vurduğu vertolyotda şəhid olan Milli Qəhrəman - REKVİYEM
28 il əvvəl Ağdamdan Şuşaya uçan vertolyot vurularkən həlak olan 44 nəfərdən biri də Milli Qəhrəman Şakir Salahov idi. Yaşasaydı, bu il 53 yaşını qeyd edəcəkdi. Amma qismət olmadı.
APA TV-nin yerli bürosunun məlumatına görə, 1992-ci il yanvarın 28-də 5 döyüş yoldaşı ilə birgə Şuşaya getmək üçün vertolyota minən Şakir Salahova mənzil başına çatmaq qismət olmur. Ermənilər tərəfindən vurulan vertolyotda 44 nəfər şəhid olur.
Qardaşı oğlu Şakir Salahov deyir ki, əmisi uzun müddət özünümüdafiə batalyonunda polis əməkdaşı kimi işləyib: “Həmçinin Xocalı Rayon Polis Şöbəsinin Cəmilli kənd polis bölməsində polis əməkdaşı kimi nümunəvi xidmət edib. İnsanların müharibədən sağ-salamat çıxmasında əsl hünər göstərib. Dəfələrlə Xənəcə-Ballıca kəndi istiqamətində gedən döyüşlərdə əmim böyük qəhrəmanlıq və şücaət göstərib”.
Qardaşı İlqar Salahovun sözlərinə görə, hər il doğum və ölüm günlərində Milli Qəhrəmanı yad edirlər.
Qeyd edək ki, Milli Qəhrəman Şakir Salahov Bərdənin Şəhidlər Xiyabanında dəfn olunub. Doğmaları isə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. Hər il olduğu kimi, bu il də doğmaları, dostları qəhrəmanın xatirəsini yad etmək üçün onun məzarını ziyarət ediblər.