Ermənistan-Azərbaycan münasibətlərində nələr dəyişəcək? - NAZİR AÇIQLADI 

“Bir ildən artıqdır ki, Azərbaycan işğal faktının aradan qaldırılmasını nəzərə alaraq ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün çağırış edilib”.

 

Bunu jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2022-ci ilin fevral ayında Azərbaycan növbəti addım kimi, 5 baza prinsipini Ermənistana təqdim edib: “Bundan sonra bu istiqamətdə addımlar atılıb. Aprel ayının 6-da Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçirilib. Həmin görüş nəticəsində hər iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verilib. Burada önəmli məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Eyni zamanda, Brüssel görüşü zamanı bu, daha da aydınlaşıb. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi beynəlxalq hüquq üzərində qurulub, onlar bir qayda olaraq qonşu ölkələr arasında olan münasibətlərin əsasını təşkil edir. Biz bunu çox önəmli addım hesab edirik. Düşünürük ki, bu istiqamətdə işlərin davam etdirilməsinin əlamətləri mövcuddur”.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı barədə də fikirlərini bölüşən nazir bildirib ki, görüş peşəkar və konstruktiv keçib: “Erməni həmkar ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub. Qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur. Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir".

 

Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.

 

Nazir Ermənistan-Azərbaycan münasibətlərində növbəti günlərdə hansı yeniliklərin gözlənildiyinə də aydınlıq gətirib: “Azərbaycan tərəfi müsbət addımları alqışlayır. Bu istiqamətdə işlər davam etməlidir. Təbii ki, prosesin nəticələri olacaq, növbəti addımlar atılacaq. Azərbaycan tərəfi öz xoş niyyətini ortaya qoyub və bunu tək sözdə yox, əməldə də nümayiş etdirir. Qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu baş verəcək”.

 

“Azərbaycan 1990-cı illərdə BMT-nin humanitar yardımını qəbul edən ölkədən artıq qlobal işlərdə mühüm rol oynayan dövlətə çevrilib” - bunu isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib: "Bildiyiniz kimi, 2022-ci il mühüm hadisələrlə dolu olan bir ildir. Bu gün burada Azərbaycanla BMT arasında münasibətlərin yaranmasının 30-cu ildönümü ilə əlaqədar tədbirdəyik. Qeyd etmək istəyirəm ki, martın 2-dən biz silsilə tədbirlərin təşkilinə başlamışıq. Elə həmin gün bu tarixi qeyd etmək məqsədilə Bakının dənizkənarı parkında fotosərgi təşkil etmişik. Həmin sərgidə 100-dən çox foto şəkil sərgilənir. Onlar Azərbaycan ilə BMT arasında olan münasibətləri, aparılmış birgə fəaliyyəti nümayiş etdirir. Azərbaycan bir çox məsələlərdə BMT ilə yaxından əməkdaşlıq edir. Bugünkü konfrans gənclərin dünyadakı hadisələrə təsiri, onların həmin hadisələrdəki rolunu qeyd etmək məqsədilə təşkil edilib. Konfrans çərçivəsində növbəti üç gün ərzində 15 universitet və ali təhsil ocağını təmsil edən 85-ə yaxın tələbənin a müxtəlif mövzular ətrafında müzakirələri təşkil ediləcək."

 

Daha sonra Vladanka Andreeva əlavə edib ki, tədbir müddətində iqlim dəyişikliyi, kibertəhlükəsizlik, təhlükəsizlik məsələlərində qadınların rolu, məcburi köçkünlərlə bağlı müxtəlif məsələlər müzakirə olunacaq və həll variantları təqdim ediləcək.

 

 

Fuad Sadıqov

Xəyal İskəndərov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv