Ermənistan hökuməti toplandı: Paşinyanın “Naxçıvan” açıqlaması nədən xəbər verir?

Avqustun 3-də Azərbaycan ordusunun Qarabağdakı “Qisas” əməliyyatından sonra Ermənistan ictimaiyyətində yaranmış qarışıqlığıa görə Baş nazir Paşinyan hökumətin iclasını keçirib. Baş nazir Azərbaycan vətəndaşlarının Naxçıvana sərbəst şəkildə gedə biləcə­yini və bütün təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıdığını bildirib. Əlavə edib ki, bütün bu məsələlər Ermənistan konstitusiyası çərçivəsində aparılmalıdır. Paşinyan həmçinin Qazaxla Naxçıvanı birləşdirən yoldan da danışıb: “Üçtərəfli Bəyanatı sözbəsöz və hərfi şərh etsək, orada qeyd olunub ki, biz Azərbaycanın qərb rayonlarının da Naxçıvanla əlaqəsini təmin etməliyik. Azər­baycanın ən qərb bölgəsi Qazax rayonudur və biz hazırıq, sərhədi keçib Naxçıvana getsinlər, biz Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq hərəkətin təhlükəsizliyinə zəmanət veririk. Özü də təkcə bir keçid məntəqəsi ilə deyil, biz müxtəlif bölmələrdə sərhəd keçidini təmin edə bilərik. Amma bir daha deyirəm, bu, Ermənistan qanunvericiliyinə uyğun olaraq baş verməlidir”.

 

Paşinyanın bugünki çıxışı ilə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, baş nazir klassik erməni təfəkkürü ilə çıxış edir və onun fikirlərində söz oyunundan başqa heç nə yoxdur. O əlavə edib ki, 10 noyabr bəyanatında Naxçıvanla kommunikasiyaların qurulması ilə bağlı bütün müddəalar qeyd olunub: “Paşinyan cəmiyyətə verdiyi mesajla əslində yayındırıcı fikirlər səsləndirməyə çalışır. Yəni Ermənistan konstitusiyası deyəndə, Naxçıvana gedən yolların hər hansı bir xüsusi statusa malik olmayan bir dəhliz olduğunu demək istəyir və bunun üzərində üçüncü hər hansı bir tərəfin nəzarətinin olmadığını bilmək istəyir. Belə olan təqdirdə Ermənistan Zəngəzur dəhlizi ilə hərəkət edən nəqliyyat vasitələrinə və sərnişin daşınmalarına təminat verə bilməz. Xüsusən də Ermənistanda siyasi vəziyyəti, revanşçı qüvvələrin davranışlarını və Azərbaycana qarşı düşmənçiliyi nəzərə alsaq, indiki şəraitdə Ermənistanın hər hansı bir formada nəyəsə təminat verəcəyi gözlənilən deyil”.

 

“Paşinyan absurd çıxışlar verməyə davam edir”.

Bunu isə APA TV-yə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağdan, təmas xəttindən, Laçın dəhlizindən danışır, hansı ki, bunların heç biri mövcud deyil və bu kimi çıxışlar onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müharibə istəyir: “Paşinyanın “Naxçıvana yol veririk” deməsi boş bəyanatdır. Sadəcə, bəyanatı şəkilləndirməklə, guya Azərbaycanın da istəklərini reallaşdırmılmasına xidmət edən bir ifadə olduğunun görüntüsünü yaratmaq istəyir. Ermənistan indiki halda Rusiyadan dəstək görmür. Çünki Ukrayna ilə müharibə aparan dövlət istəməz ki, Azərbaycanla problemləri yaransın. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sazişi imzalanıb, hətta Fransa Azərbaycana mina axtaran qurğular da göndərib. Avropadakı erməni lobbisi də anti-Paşinyan mövqelərindədirlər. Və burada çox az dairə qalır ki, Paşinyana dəstək verə bilsin. Bu absurdun bir izahı var. Paşinyan doğurdan şəxsi davranır və onun bu iradəsi Ermənistanın ümumilikdə müstəqilliyini təhlükə altında qoyur”.

 

Paşinyan onu da iddia edib ki, Qarabağda Ermənistan Respublikasının hərbçiləri yoxdur. O, ərazidəki silahlı quldurları Qarabağın özünümüdafiə dəstəsi adlandırıb.

 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Paşinyanın bu çıxışı da ağ yalandır və bir gün bundan əvvəl erməni mediası Qarabağda olan, Ermənistandan gələn hərbçilərlə bağlı reportaj hazırlayıb: “Ermənistanın media resurları, o cümlədən “Yeravan today” Azərbaycan ərazilərindən Ermənistana onlarla avtobusda vaxtında əvvəl ehtiyata buraxılan hərbçilərin daşınması ilə bağlı reportaj hazırlayıb. Ailələrini Ermənistanın mərkəzi meydanında gözləyən hərbçilər həqiqətən də Ermənistan vətəndaşları deyilsə, onların Ermənistanda nə işləri var? Digər tərəfdən, 10 noyabr bəyanatında söhbət təkcə Ermənistan hərbçilərindən getmir, ümumiyyətlə erməni hərbi birləşmələrindən gedir. Yəni ki, Azərbaycan ərazisindəki qeyri-qanuni separatçıları nəzərdə tutur ki, Paşinyan da bunu çox gözəl bilir və başa düşür və əgər başa düşmürsə, Azərbaycan başa salmağın yollarını  kifayət qədər yaxşı bilir.”

 

Qeyd edək ki, Nikol Paşinyan çıxışı zamanı Rusiyanı da tənqid edib: "Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur. Sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləqdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması və fəaliyyəti ermənilərin təhlükəsizliyinin əsas amilləridir". Sitatın sonu

 

Sülhməramlıların Qarabağdakı fəaliyyətləri ilə bağlı da fikir bildirən Elçin Mirzəbəyli bildirib ki, onların fəaliyyətindən Azərbaycan tərəfi də narazıdır.  Belə ki, sülhməramlılar bölgənin hərbisizləşdirilməsi ilə bağlı təminatlarını yerinə yetirmirlər. Paşinyanın narazılığına gəlincə, o qeyd edib ki, Baş nazir istəyir ki, sülməramlılar Qarabağdakı terrorçu qruplaşmalara qoşularaq Azərbaycana qarşı terror aksiyayaları keçirsin.  Bu da onu göstərir ki, erməni baş nazir regiondakı və dünyadakı reallıqları nəzərə ala bilmir.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv