Ermənistan KTMT-dən çıxmaq, Rusiya ilə əlaqələri tam kəsmək istəyir
“Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər”. - Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. O qeyd edib ki, müzakirənin reallığa çevrilməsi üçün sifarişçi tərəf müəyyən öhtəlikləri yerinə yetirməlidir. Rus səfirinin açıqlaması ilə bağlı mövqe bildirən Ermənistan Parlamentinin spikeri Alen Simonyan isə Rusiya tərəfinin Ermənistana nəinki silah satmaq istədiyini, hətta sata bilməyəcəyini deyib. Belə görünür ki, artıq İrəvan siyasi elitası ilə Rusiya münasibətlərində bağlar qırılmaq üzrədir. Bu günlərdə Paşinyan hökuməti Moskvadan idarə olunan “Sputnik” media mərkəzinin Ermənistanda radio yayımına qadağa qoydu. Vəziyyətdən narazı qalan media qurumunun rəhbəri Marqarita Simonyan və əri Tiqran Keosayan Nikol Paşinyanı Tələt Paşa ilə müqayis edib və onu türk agenti adlandırıb. 20-yə yaxın ölkədə fəaliyyət göstərən və başında erməni olan bu media qurumunun məhz Ermənistanda yayımının dayandırılmasını bir çox siyasilər əslində, Qərb dəstəkli Paşinyanın Rusiyaya növbəti zərbəsi kimi dəyərləndirirlər. Bu ərəfədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakı ilə İrəvan arasındakı münasibətləri gərgin adlandırıb. O bildirib ki, ziddiyyətlərin aradan qaldırılması istiqamətində Moskva fəaliyyətlərini davam etdirir. Baş Qərargah rəisi əlavə edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində siyasi yolda məqsədyönlü iş aparır. Bu ərəfənin necə deyərlər əkşnini artıran daha bir məsələ dekabrın 21-də KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun Ermənistana səfər etməsi oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşən Baş katib Tasmaqambetov noyabrda Minskdə Ermənistansız keçirilmiş iclasın nəticələri barədə məlumat verib. Qeyd etmək yerinə düşər ki, son zamanlar İrəvandan Moskva əleyhinə işlədilən fikirlərdən biri də, ölkənin KTMT-dən çıxması ilə bağlıdır. Maraqlıdır. Ermənistan sayğısızlıq edib KTMT-nin iclasına getmədiyi halda baş katib gəlib iclasın nəticəsini məruzə edir. Spiker Simonyan isə bu münasibətlə bildirib ki, Ermənistan təşkilatdan çıxmaq istəsə belə KTMT Ermənistanı tərk etmək istəməyəcək. “KTMT işləmir, KTMT öz ərazisini qorumursa, deməli, işləmir”, - deyə Alen Simonyan vurğulayıb. Bilirik ki, İrəvanla Moskva arasında gərginlik artan kimi, Ermənistanın yeganə nəfəsliyi olan Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolu ermənilərin üzünə bağlanır. Rəsmi açıqlamalarda yolun bağlanması hər dəfə hava şəraiti ilə əlaqələndirilsə də, əksər yerli və xarici siyasilər qərarın Ermənistanın nəfəs yolunu “kəsmək” və siyasi basqıları artırmaq üçün verildiyini deyirlər. Yəni Ermənistan Qərbi, o cümlədən, Yunanıstanı və Hindistanı seçib Moskvanı ofsaydda qoyduqca özünün nəfəsinin kəsilməsini göz önünə almalıdır. Alen Simonyanın “bizə silah lazım deyil” üstüörtülü fikrindən belə başa düşmək olar ki, Paşinyan hakimiyyəti əsas hədəfini iqtisadi əlaqələrin güclənməsinə yönəldib. Ermənistanın “Hraparak” nəşri isə keçmiş müdafiə naziri Arşak Karapetyanın əli ilə Rusiyanın Ermənistanda hərbi çevrilişə hazırlıq xəbərini tirajlayıb. Bildirilib ki, Karapetyanın Ermənistanda çevriliş olacağı ilə bağlı xəbərdarlığı Rusiya lideri Putinin mətbuat konfransı keçirdiyi gün elan etməsi də təsadüf sayıla bilməz. Bundan başqa Moskvada olan Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan isə tezliklə İrəvana qayıdacağını deyir və hədə-qorxu ilə “tezliklə çox şey eşidəcəksiniz” xəbərdarlığını edib.